Azad edilmiş rayonların elektron su xəritəsi HAZIRLANIB

 24-12-2022

“Azad edilmiş rayonların Baş Planlarının hazırlanması məqsədilə uçuş aparatları vasitəsilə 240 kvadrat kilometr ərazidə çəkilişlər aparılıb, müxtəlif miqyaslı topoqrafik xəritələr və “Elektron su xəritəsi” hazırlanıb”.

Milletinsesi.info-ın xəbərinə görə, bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Birinci Dövlət Proqramı”na həsr olunmuş konfransda “Böyük Qayıdışın ekoloji aspektləri” mövzusunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, “Qarabağın təbii ehtiyatlar atlası” tərtib olunub, digər zəruri topoqrafik işlər görülüb.

Nazir qeyd edib ki, iqtisadiyyatın dinamik inkişafı ilə əlaqədar, xüsusilə tikinti sektorunun xammala olan tələbatını ödəmək məqsədilə geoloji axtarış və kəşfiyyat işləri, yataqların istismara cəlb olunması aktual məsələlərdəndir:

“Odur ki, tikinti-quruculuq işləri nəzərdə tutulan hər bir rayon üzrə infrastruktur layihələrinin icrasını sürətləndirmək və yer təki istismara verilməsi üçün normativ hüquqi aktlarda dəyişikliklər edilib.

Türkiyə ilə birlikdə Cəbrayıl rayonu ərazisində “Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi”, “Ağıllı Tingçilik” və “Dostluq Meşəsi” Kompleksinin yaradılması işlərinə başlanılıb”.

Onun sözlərinə görə, buradakı tinglik sahələrində il ərzində 2 milyon fidanın yetişdirilməsi, xüsusilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında meşəbərpa tədbirlərinə böyük təkan verəcək.

Nazir söyləyib ki, Cəbrayıl, Zəngilan, Füzuli və Ağdam rayonlarında geniş ərazilərdə terraslar və yaşıl dəhlizlərdən ibarət meşə-parkların salınmasına başlanılıb.

O, bölgədə yerləşən xüsusi mühafizə olunan təbiət ərazilərinin fəaliyyətinin, buradakı bioloji müxtəlifliyin, su bioresurslarının və təbiət abidələrinin bərpası istiqamətində də görülən tədbirlərdən danışıb:

“IDEA İctimai Birliyi və Ümumdünya Vəhşi Təbiəti Mühafizə Fondu ilə birgə bəzi heyvan növlərinin, ilkin mərhələdə ceyran və bezoar keçisinin öz tarixi areallarına reintroduksiyası layihələrinə başlanılıb, cari ildə artıq Cəbrayıl rayonu ərazisinə 33 baş ceyran buraxılıb. Regionda su bioresurslarının bərpası və artırılması məqsədilə Bəsitçay, Köndələnçay, Bərgüşadçay və Həkəri çaylarına, eləcə də Suqovuşan və Xaçınçay su anbarlarına davamlı olaraq müxtəlif növ balıq körpələri buraxılır”.

Bənzər yazılar

0.22117900848389