Bu gün istefa verən Vasif Talıbov KİMDİR?

 21-12-2022

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun istefa verdiyi deyilir.

Bu barədə APA məlumat yayıb.

Bildirilib ki, o, bu gün Ali Məclisin iclasında istefa verdiyini açıqlayıb.

Vasif Talıbov 1995-ci ilin dekabrından etibarən bu vəzifəni icra edirdi.

Bəs, Vasif Talıbov kimdir?

Vasif Talıbov 1960-cı il yanvarın 14-də Şərur rayonunun Aşağı Aralıq kəndində anadan olub.

1981-ci ildə Naxçıvan Dövlət Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsini və 1998-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib.

Əmək fəaliyyətinə 1976-cı ildə Şərur rayon xalq maarif şöbəsində başlayıb, sonra isə Naxçıvan alt trikotaj fabrikində kadrlar üzrə inspektor (1982-ci il), xüsusi şöbənin rəisi vəzifələrində çalışıb.

Vasif Talıbov 1991-ci ilin sentyabrından 1994-cü ilin aprelinədək Naxçıvan Muxtar Respublikasının Ali Məclisi sədrinin baş köməkçisi, 1994-cü ilin aprelindən 1995-ci ilin dekabrınadək Naxçıvan Muxtar Respublikası Baş nazirinin xarici-iqtisadi əlaqələr üzrə birinci müavini vəzifələrini icra edib.

Yeni Azərbaycan Partiyasının yaranmasında fəal iştirak etmişdir. 1995-ci il aprelin 8-də keçirilən konfransında YAP Naxçıvan Muxtar Respublikası təşkilatının sədri seçilmişdir.

Azərbaycan Respublikası I–IV çağırış Milli Məclisinin, Naxçıvan Muxtar Respublikası I–VI çağırış Ali Məclisinin deputatı, hər çağırışda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilib.

Vasif Talıbov Dünya Azərbaycanlılarının I Qurultayında (Bakı, 9 – 10 noyabr 2001-ci il) Əlaqələndirmə Şurasının üzvü seçilib. Yeni Azərbaycan Partiyasının 2021-ci ilin martında keçirilən VII qurultayında isə YAP İdarə Heyətinin üzvü seçilib.

Son həftələrdə isə Muxtar Respublikanın idarəetmə sturkturlarında ciddi korrupsiya halları aşkar olunmağa başlayıb.  

Belə ki, xüsusi xidmət orqanları tərəfindən Naxçıvanda bir neçə əməliyyat keçirilib. Əməliyyatlar nəticəsində Naxçıvanda üç rəsmi şəxs – maliyyə naziri Rafael Əliyev, Dövlət Gömrük Komitəsinin Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi Mənsur Əsgərov və Şəhərsalma və Arxitektura Komitəsinin sədri Hicran Rüstəmov həbs edilib.

Onlar “xüsusilə külli miqdar”da dövlət vəsaitinin mənimsənilməsində ittiham edilirlər. Mənimsənildiyi ehtimal olunan vəsaitin məbləği isə, ümumilikdə, yarım milyard manata yaxındır.

Qeyd edək ki, daha əvvəl Naxçıvan Ali Məclisinin qapalı iclasının keçirilməsi barədə məlumat yayılıb.

Bənzər yazılar

0.21544218063354