Müğənni Dəniz Əsədova Səlim Müslümovun cinayət işi üzrə DİNDİRİLİB

 20-12-2022

Müğənni Dəniz Əsədova sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə dindirilib.

Bu barədə Lent.az-a müğənni özü məlumat verib.  

O qeyd edib ki, saxta əlillik düzəltmək adı ilə vətəndaşlardan pul alınması faktı üzrə istintaqın suallarını cavablandırıb:

“Heç bir günahım olmadan Səlim Müslümovun işinə görə məni istintaqa cəlb elədilər. Məni dələduzluqda ittiham edirdilər. Halbuki əlimdə sübutlarım da var idi ki, işi görən Mehparə, Rauf, Rüfət, Şahin və Eldəniz adlı həkimlər olub. Bildirdim ki, mənə qarşı ittihamlar yalan və böhtandır. Adını çəkdiyim həkimlər tanıdığım adamlardan pul alıblar. Mənə qarşı ittihamlar sübuta yetirilmədi. Üç il bu işin üstündə vaxtımı aldılar, çox çək-çevir etdilər, həm mənəvi, həm maddi zərər vurdular. O vaxtı çox imkanlı olmuşam, halal pulumu qazanmışam. Heç kim deyə bilməz ki, haram pul qazanıram. Əlimdə də kifayət qədər sübutlarım var. İstər səs yazıları, istərsə də yazışmalar. Sübutsuz heç vaxt addım atmaram. Bu gün də alnım açıq, üzüm ağdır”.

Qeyd edək ki, S.Müslümov Azərbaycan əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsində işlədiyi müddətdə nazirliyin fəaliyyət istiqamətləri üzrə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsinin təşkil edilməsi, işəgötürənlərin əmək, məşğulluq və sosial müdafiə məsələləri ilə bağlı fəaliyyətlərinə dövlət nəzarətinin həyata keçirilməsi və digər səlahiyyətlərin yerinə yetirilməsi zamanı çoxsaylı sui-istifadə hallarına yol verməsinə dair faktlar Dövlət Təhlükəsizliyi Xidmətində araşdırılıb.

Toplanılan materiallar əsasında başlanılan cinayət işi üzrə S.Müslümovun xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlüklər əldə etmək məqsədilə qulluq səlahiyyətlərindən tamah niyyəti ilə qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmasına, habelə onun tərəfindən tabeçiliyində işləyən vəzifəli şəxslərdən vasitəçi kimi istifadə etməklə müxtəlif rayonlarda əlillər üçün fərdi yaşayış və internat evlərinin tikinti-təmirinin aparılması işlərini yerinə yetirən fiziki və hüquqi şəxslərə ayrılmış pul vəsaitlərinin bir hissəsinin tələb edilərək alınmasına əsaslı şübhələr müəyyən edilib.

Həmçinin S.Müslümovun nazirliyin Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən ölkə ərazisində istehsal, sosial-məişət və iaşə təyinatlı obyektlərin inşası və yenidən qurulması zamanı əməyin mühafizəsi tələblərinə əməl olunması, onların istismara buraxılmasına razılığın verilməsi, əməyin mühafizəsi tələblərinə uyğunluğu ilə bağlı müəssisələrdə aparılmış yoxlamaların nəticələrinə görə müxtəlif vaxtlarda külli miqdarda pul vəsaitləri qismində təkrar rüşvət almasına dair məlumatlar əldə olunub.

Eyni zamanda, Daxili nəzarət şöbəsi tərəfindən ərazi strukturlarında aparılmış yoxlamaların nəticələri ilə bağlı onun həmin nazirliyin müxtəlif ərazi şöbələrinin rəhbərlərinin hər birindən 10 mindən 30 min manatadək külli miqdarda təkrar rüşvət almasına əsaslı şübhələr müəyyən edilib. S.Müslümov Azərbaycan Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Daha sonra səhhətindəki problemlərlə bağlı sabiq nazir ev dustaqlığına buraxılıb.

Bənzər yazılar

0.20051312446594