Amerikalı aktrisa Ancelina Coli BMT-nin Qaçqınlar üzrə Ali Komissiyasının xüsusi nümayəndəsi vəzifəsini tərk edir.
Bununla bağlı BMT-nin Qaçqınlar üzrə Ali Komissiyası və aktrisanın cümə günü təşkilatın saytında dərc edilən birgə bəyanatında açıqlama verilib.
“BMT-nin Qaçqınlar üzrə Komissiyası ilə 20 ildən artıq müddətdir davam edən fədakar işindən sonra Ancelina Coli dünyada məcburi köçkünlərin hüquqları və müdafiəsi ilə bağlı fəaliyyətini genişləndirir. O, humanitar və insan hüquqları ilə fəaliyyətini daha geniş spektrdə davam etdirəcək”, - deyə bəyanatda qeyd edilib.
“Biz onilliklər boyu xidmətinə, fədakarlığına və qaçqınlar və qaçmağa məcbur olmuş insanlar üçün gördüyü işlərə görə ona minnətdarıq. BMT-nin Qaçqınlar üzrə Ali Komissiyası ilə uzunmüddətli və uğurlu əməkdaşlıqdan sonra onun missiyasını dəyişmək istəyini yüksək qiymətləndirirəm. Eyni zamanda bu qərarını dəstəkləyirəm”, - deyə BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi bildirib.
Aktrisa öz növbəsində BMT-nin Qaçqınlar üzrə Ali Komissiyasının bu qədər görkəmli və fədakar əməkdaşları ilə çalışmaq imtiyazı və imkanına görə minnətdarlığını bildirib. Həmçinin qeyd edib ki, gələcəkdə qaçqınlar və yerli təşkilatlarla birbaşa əlaqə yaratmaq niyyətindədir.
Mənbə: TASS