Şirvan Mərkəzi Xəstəxanasının Doğum şöbəsi sakinlərin üzünə QAPADILIB

 18-04-2022

Şirvan şəhər Mərkəzi Xəstəxanasının Doğum şöbəsinin giriş qapısı qanunsuz olaraq rəhbərlik tərəfindən şəhər sakinlərinin üzünə qapadılıb. Doğum Evinin yeganə və mərkəzi girişinin məqsədli şəkildə hörüldüyü bildirilir.

Şəhər sakinlərinin bildirdiyinə görə, həmin yer başqasına satılmaq üçün şəhər rəhbərliyinin rizası ilə bağlanıb. Hətta bu məsələdə xəstəxana rəbərliyinin şəhər icra başçısından razılıq aldığı barədə də söyləntilər var. 

Məsələ ilə Şirvan şəhər Mərkəzi Xəstəxanasının Doğum şöbəsi ilə əlaqə yaratdıq. Özünü təqdim etməyən şöbə işçisi Bizim.Media-ya açıqlamasında sözügedən şöbənin mərkəzi qapısının bir həftəyə yaxındır bağlandığını bildirib:

“Bu qapını düzəldən olsaydı, yaxşı olardı. Biz də çətin durumda qalmışıq. Yolumuz uzaqlaşıb. O qapını açan olsa, Allah dadına çatsın, ona nə qədər dua edərik. 40 il idi ki, o qapıdan istifadə edirdik. İndi şöbəyə giriş üçün xəstəxananın arxa tərəfindəndi və fırlanmağa məcburuq”.

Şöbə işçisi dəstəyi daha sonra həmkarı Kəmalə xanıma ötürüb.

Kəmalə xanım da doğum şöbəsinin mərkəzi qapısının qapadılmasından gileylənib. Amma hansı səbəbdən bu addımın atıldığından məlumatsız olduğunu deyib. 

TƏBİB Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Doğum şöbəsinin giriş qapısının bağlanması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

Qurumdan  bildirilib ki, hazırda Şirvan Rayon Mərkəzi Xəstəxanasında vətəndaşların rahat istifadəsi üçün dörd giriş-çıxış hissəsi mövcuddur ki, onlardan ikisi eyni zamanda nəqliyyat vasitələri ilə gələn vətəndaşlar üçün nəzərdə tutulub:

“Vətəndaşlar öz nəqliyyat vasitəsilə xəstəxananın həyətinə daxil ola və geniş parklanma zolağından istifadə edə bilərlər. Qeyd edək ki, həmin giriş hissələri bir-birindən 20 metr məsafədə, doğum evinə isə 50 metr uzaqlıqda yerləşir”.

“Bundan öncə doğum evinin giriş hissəsi kimi istifadə olunan yerin hasara alınması ilə bağlı  sosial şəbəkələrdə səsləndirilən ittihamlar həqiqəti əks etdirmir.

Doğum evinin giriş hissəsində taksi fəaliyyəti ilə məşğul olan şəxslərin kütləvi toplaşması, eyni zamanda, girişə yaxın hissədə səyyar satış piştaxtalarının qurulması ilə bağlı daxil olan vətəndaş şikayətlərinə uyğun olaraq giriş hissənin fəaliyyəti dayandırılıb”, - deyə qeyd edilib.

Bənzər yazılar

0.21029710769653