“Azərbaycan mədəniyyətini, yemək və ənənələrini sevirəm”.
Bunu “BBC Azərbaycanca”ya İngiltərənin Azərbaycan əsilli makiyajsız gözəli kimi tanınan Melisa Rauf deyib. O, müsahibəsində Azərbaycanı çox sevdiyini vurğulayıb. Və müsahibə boyu azərbaycanca bir neçə dəfə danışıb, sualları doğma dilində dinləyib.
O qeyd edib ki, anası azərbaycanlı, atası İran azərbaycanlısıdır. Melisa jurnalistin “Özünüzü daha çox hara aid edirsiniz?” sualına: “Mən bütün bunların qarışığıyam, mədəniyyətlər qarışığı var...” - deyə cavab verib.
“Atamdakı İran və azərbaycanlı qarışığını sevirəm. Ancaq əlbəttə ki, mən burada böyümüşəm. Mən bunların hamısını sevirəm. Hər şeyin yaxşısını götürürəm. Yəqin ki, qarışıq ailədən olmağın üstünlüyü budur”, - Melisa əlavə edib.
Melisa Rauf eyni zamanda gözəllik müsabiqəsində iştirakına dair verilən reaksiyadan da danışıb:
“Xəbər yayılandan sonra İran və Azərbaycandan çoxlu qadınlar mənə yazırdılar ki, “çox sağ ol, səninlə fəxr edirik”. Çoxlu dəstək, müsbət münasibət gördüm. Bu məni qürurlandırır ki, mənim köklərimin olduğu ölkələrdən olan qadınlar mənimlə fəxr edir, mənə dəstək olurlar”.
Müsahibəsində o, həmçinin qeyd edib ki, kiçik yaşlarından anası, ailəsi ilə Azərbaycana səfərə gəlir:
“Nənəmə baş çəkirəm. Nənə-babamı görürəm. Qohumlarımla görüşürəm. Anam əslən Şəmkirdəndir. Orada çoxlu qohumlarım var. Bakını çox sevirəm. Bakı mənim ürəyimdir. Olduğum ən gözəl yerlərdən biridir”.
İranda baş verənlərə münasibət bildirən İngiltərə gözəli xüsusilə qadınları dəstəklədiyini vurğulayıb:
“İranda və bütün dünyada qadınlar azad seçim və özlərini ifadə etmək istəyi ilə etirazlar edirlər. Heç bir qadın özünü necə təqdim etməsi ilə bağlı mühakimə edilməməlidir və ya hücumlara məruz qalmamalıdır. Dünyada bu mərd qadınların seçim ideyası uğrunda həyatlarını riskə atmaları heyrətamizdir. Onlarla fəxr edirəm”.
Qeyd edək ki, Melisa Rauf “Miss İngiltərə” gözəllik müsabiqəsinə qatılıb. Yarımfinalda “Face Top Model” nominasiyasının qalibi olub. Kollec tələbəsi olan 20 yaşlı Melisa “Miss İngiltərə”nin 94 illik tarixində makiyajsız yarışan ilk iştirakçıdır.