“Məndə insanlara qarşı həmişə məsafə var. Zarafat sevirəm, deyib-gülməyi xoşlayıram. Çalışıram kiminsə qəlbinə dəyməyim, amma o məsafəni də qoruyuram”.
Bu sözləri Əməkdar artist Sənubər İsgəndərli “Düzünə qalsa...” verilişində deyib.
“Kimisə yükləməyi sevmirəm. Başıma nəsə gəlsə, kiməsə zəng edim, heç vaxt, qətiyyən! Hər kəsin dərdi var, kimisə yükləmək kimi xasiyyətim yoxdur. Çox nadir hallarda, bıçaq sümüyə dirənəndə ağzımdan 5-6 cümlə çıxar! Mənim problemim mənə aiddir. Onu qızıma da demərəm”, - aktrisa əlavə edib.
S. İsgəndərli qızına çox qadağa qoyduğunu etiraf edib:
“Hərdən qızıma deyirəm, niyə məni qorumadın? Deyir, özün necəsən, məni də elə böyütmüsən də! Qızıma çox qadağa qoymuşam, bu günə kimi də çox peşmanam. Bu uşaq mağaza yeri də bilmədi. Məktəb-universitet! Heç nədən xəbəri olmadı. Bəlkə də gözümün ağı-qarası idi, ona görə. Anam da məni elə böyüdürdü. İstədim ki, ağrı-acı nədir bilməsin, amma nahaq yerə etmişəm. Uşağı gözüaçıq böyütmək lazımdır...”