Ev dustaqlığına buraxılan şirkət rəhbəri YENİDƏN HƏBS EDİLİB - MƏNZİL DƏLƏDUZLUĞU

 23-11-2022

"Sahil-S İnşaat” MTK-nın sahiblərindən biri olan Pənah Kərimov barəsində yenidən həbs qətimkan tədbiri seçilib. 

Qaynarinfo-ya daxil olan məlumata görə, dövlət ittihamçısı Binəqədi Rayon Məhkəməsinin Pənah Kərimov barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi barədə qərarından protest verib. Bakı Apellyasiya Məhkəməsi protesti təmin edib və Pənah Kərimov yenidən həbs olunub. 

Pənah Kərimov və onun ortağı Taley Alaverdiyev bu ilin aprelində həbs olunmuşdu. Onlara qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdi.

Lakin ötən həftə Binəqədi Rayon Məhkəməsi Pənah Kərimov barəsində seçilmiş həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəzlimişdi. Bu isə "Sahil-S İnşaat” MTK-dan şikayətçi olanların narazılığı ilə qarşılanmışdı. 

Şikayətçilər bildirib ki, porkurorluq məhz onların narazılığını nəzərə alaraq protest verib: "Prokurorluğa xüsusi təşəkkür edirik. Bizim şikayətlərimizi nəzərə aldılar. Pənah Kərimov və Taley Alaverdiyev bizə qarşı dələduzluq edib. Bir mənzili bir neçə nəfərə satan bu şəxslər həbsdən çıxıb qaça bilərdilər. Biz də bundan narahat idik, ona görə də Pənah Kərimovun ev dustaqlığına buraxılmasına etiraz edirdik”.

Bənzər yazılar

0.21106505393982