Sabiq deputatdan 230 min alan şəxsin MƏHKƏMƏSİ BAŞLAYIB

 14-10-2022

Naxçıvanda müxtəlif rəhbər vəzifələr tutmuş Naxçıvan Ali Məclisinin sabiq deputatı Nəsrulla Bayramova qarşı dələduzluqda ittiham olunan Elçin Bağırovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı oktyabrın 28-nə təyin olunub.

Qeyd edək ki, Nəsrulla Bayramov biznes qurmaq üçün Bağırov Elçin Səməd oğluna 230 min manat verib. Razılaşmaya görə, Elçin Bağırov ucuz qiymətə aldığı armaturları tikinti şirkətlərinə satıb, qazancı hər ay Nəsrulla Bayramovla böləcəkmiş.

Bir müddət öncə Naxçıvan Ali Məclisinin sabiq deputatı və Naxçıvanda müxtəlif rəhbər vəzifələr tutmuş Nəsrulla Bayramov “qafqazinfo”ya  bununla bağlı müraciət edib. 

Müraciətdə iş adamı kimi fəaliyyət göstərən N. Bayramovun iddiasına görə, tanışı Habil Əliyev vasitəsilə tanıdığı Bağırov Elçin Səməd oğlu armatur biznesi üçün ondan 230 min manat alıb. Razılaşmaya görə, E.Bağırov ucuz qiymətə aldığı armaturları tikinti şirkətlərinə satıb qazancı hər ay N.Bayramovla böləcəkmiş.

E.Bağırov bir dəfə N.Bayramovu iki yarımtikili binanın qarşısına gətirərək armaturları bu şirkətə satacağını deyib. Bir ayın tamamında Elçin Bağırov vəd etdiyi qazancı Nəsrulla Bayramova çatdırmayıb və bir neçə bəhanə gətirərək əlavə vaxt qazanıb. Daha sonra N.Bayramov həmin binaları tikən şirkətlə görüşüb, onlar ümumiyyətlə Elçin Bağırovu tanımadıqlarını deyiblər.

Prokurorluğa şikayət edən Nəsrulla Bayramov tanışı Elçin Bağırovun barəsində başqa bir cinayət işi olduğunu da öyrənib. Bundan başqa, E. Bağırov daha əvvəl də dələduzluğa görə məhkum edilib. ittihama görə, o, həmin zaman deputatlardan birinin qardaşını aldadıbmış.

Nəsrulla Bayramovun prokurorluğa müraciəti Yasamal Rayon Polis İdarəsinə göndərilib. Lakin Elçin Bağırov barəsində cinayət işi başlanmayıb, Nəsrulla Bayramov isə zərərçəkmiş kimi tanınmayıb.

Müstəntiq qərarında göstərib ki, Elçin Bağırov pulu Nəsrulla Bayramovdan yox, Habil Əliyevdən aldığını deyir. Lakin Habil Əliyevin də zərərçəkmiş kimi tanınması mümkün olmayıb. Əsas kimi də 230 min manatın dələduzluq yolu ilə ələ keçirilməsi yox, uğursuz biznesə görə “batdığı” göstərilib.

Nəsrulla Bayramov isə pulu şəxsən özü tərəfindən Elçin Bağırova verdiyini sübut edən faktları müstəntiqə təqdim etdiyini deyir: 

“Bütün səs yazılarını istintaq orqanına təqdim etmişəm. Elçin Bağırov Habil Əliyevlə danışığında dəfələrlə pulu məndən aldığını etiraf edir. Mənə “dayı” deyərək müraciət edir və səs yazıları da buradadır. Hətta borcumun qarşılığında mənə mənzil də təklif edir. Elçin Bağırov ev alqı-satqısı ilə məşğuldur. Elə bu işdə də bir neçə nəfərə qarşı dələduzluq edib. Bu adamı kimlərin himayə etdiyini bilmirəm. Elçinin məndən pul aldığını təsdiq edən əlyazması da var. Bunu da müstəntiqə təqdim etmişik. Elçin yalandan dedi ki, guya əlyazmanı Habil Əliyev ona təzyiqlə yazdırıb. Amma ekspertiza bunu təkzib etdi.

Mən indi başa düşə bilmirəm ki, dəfələrlə dələduzluq etmiş, hazırda üzərində sınaq müddəti qoyulmuş bir şəxs mənim 230 min manatımı ələ keçirdiyi halda, bunu necə “uğursuz biznes” adlandırmaq olar?

230 min manatın böyük hissəsini başqa şəxslərdən almışam. Onlar da məndən pulunu istəyir. Mən də onlara deyim ki, bu, uğursuz bines olduğu üçün pullarınız “batdı”? Onda hamı kimdənsə pul alsın, desin ki, uğursuz biznesdir?

Baş Prokurora, Bakı şəhər prokuroruna müaraciət etmişəm. İstintaq obyektiv şəkildə aparılmır və mən Yasamal rayon Polis İdarəsinin müstəntiqi Pünhan Əbilovdan və Yasamal rayon prokurorluğundan şikayətçiyəm. Müstəntiq Pünhan Əbilov isə sadəcə Yasamal rayon prokurorluğu və istintaq şöbəsinin rəisinin göstərişlərinə əməl etdiyini deyir. Mən Elçin Bağırova pulu Binəqədi rayonu ərazisində vermişəm. Buna görə də işin istintaqı Binəqədi rayon Polis İdarəsinə həvalə edilməlidir”.

Xatırladaq ki, Nəsrulla Bayramovdan başqa, cinayət işi üzrə 6 nəfər – Samir Daşdəmirov, Sadiq Əkbərov, Natəvan Əkbərova, Zaur Mirzəyev, Səbuhi Tağıyev və Rəşad Şirinov zərərçəkmiş qismində tanınıblar.

Istintaq orqanı tərəfindən Elçin Bağırovun barəsində Cinayət Məcəlləsinin 178.2.3-cü (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.

Bənzər yazılar

0.20837783813477