Tayvan Milli Təhlükəsizlik Bürosu: “Çin Rusiyanın Ukraynadakı müharibə təcrübəsini öyrənir”

 12-10-2022

“Çin Rusiyanın Ukraynadakı müharibə təcrübəsini öyrənir. Bu təcrübədən Tayvana qarşı öz “hibrid müharibəsi” strategiyasını yaratmaq üçün istifadə etmək niyyətindədir. O cümlədən pilotsuz təyyarələrdən istifadə və psixoloji təzyiq yaratmaq üçün də Ukrayna təcrübəsi araşdırılır”.

Bu barədə Tayvanın Milli Təhlükəsizlik Bürosunun baş direktoru Çen Min-Tun bildirib.

“Bu il kommunist hərbçiləri Tayvana qarşı “hibrid müharibə”ni inkişaf etdirmək və döyüş hazırlığını gücləndirmək üçün Rusiya-Ukrayna müharibəsi təcrübəsini nümunə götürüblər”, - deyə Çen parlamentdəki çıxışında qeyd edib.

“Avqust təlimindən sonra Çin Tayvana qarşı “boz zona” və hibrid fəaliyyətlərini, xüsusən də dronların istifadəsini genişləndirdi”, - deyə Çen əlavə edib.

Tayvan iddia edir ki, Çinin “boz zona”dakı hərbi kampaniyası açıq döyüşlərə əl atmadan düşmənin qeyri-müntəzəm taktika ilə zəflədilməsini nəzərdə tutur. Məsələn, Tayvanın hava hücumundan müdafiə zonasına tez-tez uçuşlar və Tayvanın hava qüvvələrini aktivləşməyə vadar etmək kimi hərəkətlər bu taktikanın xüsusiyyətlərindəndir.

Qeyd olunur ki, Tayvan da öz növbəsində Rusiya-Ukrayna müharibəsinin nəticələrini diqqətlə öyrənir. Bu, adanı öz ərazisi hesab edən Çin güc tətbiq edəcəyi halda lazımi cavab vermək məqsədi daşıyır.

Mənbə: Ukrinform

Bənzər yazılar

0.20417094230652