Bir gündə iki müəllimi intihara sürükləyən səbəb nədir?

 10-10-2024

Oktyabrın 8-də Bakıda Ruslan İmanov adlı riyaziyyat müəllimi intihar edib.Zaqatalada isə Natella Kavuzova adlı müəllim intihar edib.

Mövzu ilə bağlı BiG.AZ-a danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, müəllimlərin üzləşdiyi problemlər çoxşaxəlidir. Ağır iş yükü və aşağı maaşlar onların həyatını olduqca çətinləşdirir:

"İlk növbədə qeyd edim ki, müəllimlərin intihara sürüklənməsinə səbəb olan amillər cəmiyyətdə təhsil sektorunun üzləşdiyi bir çox problemin qabarıq şəkildə üzə çıxmasına səbəb olur. Təəssüf ki, son zamanlar müəllimlərin intihar halları artmaqdadır və bu, bir çox sual doğurur. Müəllimlər cəmiyyətin tərbiyəçisi, gənc nəslə nümunə olmaqla bərabər, həm də təhsil sisteminin aparıcı qüvvəsidir. Buna baxmayaraq, onların da yaşadıqları emosional və sosial çətinliklər tez-tez gözardı edilir. Zaqatalada və Bakıda baş verən intihar halları bu çətinliklərin daha dərindən təhlil edilməsinə ehtiyac olduğunu göstərir.

Müəllimlərin üzləşdiyi problemlər çoxşaxəlidir. Əvvəla, ağır iş yükü və aşağı maaşlar onların həyatını olduqca çətinləşdirir. Azərbaycan təhsil sistemində, xüsusilə də bölgələrdə, müəllimlərin üzərinə düşən dərs yükü çox yüksəkdir və bu, onların həm fiziki, həm də zehni sağlamlığını təsir edir. Müəllimlər iş saatlarının çoxluğu, dərs proqramlarının tələb etdiyi əlavə işlər və sinifdənkənar fəaliyyətlər ilə həddindən artıq yüklənir. Bu zaman, sosial dəstəyin və psixoloji yardımların olmaması onlarda daxili gərginliyi daha da artırır. Maddi vəziyyətin zəif olması da əlavə stress yaradır, bu da ailədaxili problemlərə, şəxsi həyatda gərginliyə səbəb olur.

Məktəblərdə psixoloq xidməti isə formal xarakter daşıyır və effektiv şəkildə işləmir. Halbuki müəllimlərin psixoloji dəstəyə böyük ehtiyacı var. İş yeri gərginliyi, sosial təcrid, maliyyə problemləri və şəxsi həyatda baş verən çətinliklər müəllimləri daha çox stres altında saxlayır. Bu hallarda, psixoloqların məsləhəti və emosional dəstək mexanizmlərinin işə salınması onların həyatını asanlaşdırmaq və çətinliklərin öhdəsindən gəlməyə kömək edə bilərdi. Lakin məktəblərdə bu xidmətlərin mövcud olmaması və ya səmərəsiz fəaliyyəti, müəllimlərin şəxsi həyatında baş verən ağır psixoloji vəziyyətlərin vaxtında aşkar olunmamasına və onlara kömək göstərilməməsinə gətirib çıxarır.

Müəllim nümunəvi şəxsiyyət olaraq cəmiyyətin tərbiyəsində əsas rol oynasa da, onların da sosial, emosional və iqtisadi dəstəyə ehtiyacları var. Müəllimlərə qarşı daha çox qayğı və diqqət göstərilməlidir. Məktəblərdə fəaliyyət göstərən psixoloq xidmətlərinin effektivliyi artırılmalı, müəllimlərin iş yükü balanslaşdırılmalı, maaşların yüksəldilməsi kimi təkmilləşdirmələr edilməlidir. Eyni zamanda, müəllimlər üçün dəstək proqramları və stresslə mübarizə mexanizmləri yaradılmalı, onların problemləri ciddiyə alınmalıdır. İntihar halları təhsilin əsas sütunlarından biri olan müəllimlərin sosial və psixoloji rifahına daha çox diqqət yetirilməli olduğunu göstərir".

Bənzər yazılar

0.075927972793579