Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzindən işdən çıxarılan işçi vəzifəsinə bərpa olunub.
Qaynarinfo.az-ın məlumatına görə, sözügedən mərkəzdə işçilərin peşəkalıq səviyyəsini yoxlamaq və onların tutduğu vəzifəyə (peşəyə) uyğun olub-olmadığını aşkara çıxarmaq məqsədilə attestasiyadan keçirilib.
Təqdim olunan bildirişdə işçilərə qabaqca heç bir məlumat verilmədən attestasiyanın keçirilmə tarixi göstərilməyib. Attestasiyaya əlavə olunan sənəddə isə 30 sualldan ibarət olan mövzu qeyd edilib. Əvvəl təqdim olunan suallara 35 sual əlavə olunmaqla, ümumilikdə 65 sualla bağlı attestasiya keçirilib.
Lakin xəstəliyi ilə əlaqədar attestasiyada iştirak edə bilməyən mərkəzdə Planlaşdırma və inkişaf şöbəsinin layihələrin idarə edilməsi sektorunda mütəxəsis vəzifəsində işləyən C.M. Əmək Məcəlləsinin 70-ci maddəsinin "c" bəndi ilə işdən çıxarılıb.
C.M. işə qayıdan günü mərkəzin rəhbərliyi tərəfindən onun attestasiyadan keçməsi tələb edilib. İddiaçı bununla bağlı bildirib ki, xəstəlikdən sonra ilk iş gündür və tam olaraq orqanizmi bərpa olunmadığına görə attestasiyadan keçməsi və suallara cavab verilməsində çətinlik çəkə bilər. Bununla bağlı mərkəz rəhbərliyindən xahiş edib ki, həmin günü attestasiyadan keçməsin.
Elə həmin günü Metodiki və İxtisasartırma Mərkəzinin direktoru tərəfindən C.M. Əmək Məcəlləsinin 70-ci maddəsinin "c" bəndinə əsasən, iddiaçının əmək müqaviləsinə xitam verilib.
Məsələ ilə bağlı C.M. məhkəməyə müraciət edib. O, məhkəmədən işə bərpa olunana qədər məcburi işburaxma müddətində tutduğu vəzifəyə uyğun olaraq əmək haqqının (697 manatın) hesablanaraq cavabdeh tərəfindən ödənilməsinin təmin edilməsi, işə bərpa olunana qədər əmək haqqının gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün əmək haqqının (697 manatın) 3 faizi, yəni 20.91 manat ödənişin cavabdeh tərəfindən ona verilməsini, ilkin mediasiya sesiyasının keçirilməsi ilə bağlı ödənilmiş 60 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib.
C.M. məhkəmədə iddia edib ki, mərkəzin 32 işçi faktiki olaraq attestasiyada iştirak edib və 32 işçidən yalnız 5 nəfər attestasiyadan uğurlu keçib. O isə attestasiya keçirildiyi vaxt xətəliyi ilə əlaqadar büllitendə olub. Bildirib ki, attestasiya keçirilməsi ilə bağlı işçilərə bildiriş göndərilməsinə baxmayaraq, qeyd olunan xəbərdarlıqda hansı tarixdə attestasiyanın keçirilməsi qeyd olunmayıb. Beləliklə hansı tarixədək işçilərin təqdim olunan 30 sualla bağlı hazırlaşmaları barədə məlumatlatı olmayıb, bundan əlavə olaraq attestasiya günü işçilərə təqdim edilmiş 30 sualla 35 sual əlavə edilib və həmin 35 sualla hazırlaşmağa vaxt verilməyib. Onun fikrincə, işəgötürən tərəfindən bu cür hərəkətlər attestasiyanın obyektiv olmasına, qərəzli olmamasına əsaslı şübhələr yaradır.
Məhkəmənin qərarı ilə, direktorun əmri ləğv edilib, C.M. Elmi Metodiki və İxtisasartırma Mərkəzində Planlaşdırma və inkişaf şöbəsinin layihələrin idarə edilməsi sektorunun mütəxəssisi vəzifəsinə bərpa olunub. 60 manat mediasiya xərci mərkəzindən alınaraq C.M-ya ödənilməsi tələb kimi qoyulub.
Qeyd edək ki, məsələ ilə bağlı Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi Metodiki və İxtisasartırma Mərkəzinin www.memim.az rəsmi saytında yerləşdirdiyi "bizimlə əlaqə" bölümündəki +994 12 596 60 38 əlaqə saxladıq. Dövlət qurumunun sözügedən əlaqə nömrəsinin işləmədiyi məlum oludu.
Xatırladaq ki, mərkəzin direktor vəzifəsini Vüqar Hümbətov icra edir. O, bundan əvvəl Mədəniyyət Nazirliyi İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin Musiqi sektorunun müdiri vəzifəsində çalışıb.