Qazi vəzifəli şəxsin dövlət əmlakını şəxsi işləri üçün istifadə etdiyini deyir

 25-07-2024

Şabran rayonu, Çölquşçu kəndinin sakini Elmar Şərifov sürücü kimi fəaliyyət göstərdiyi Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada ona aidiyyəti olmayan işləri görməyə məcbur edildiyini iddia edir.

Bir neçə mətbuat orqanına müraciət edən Elmar Şərifov bildirib ki, vəzifəsi qurumun əməkdaşlarının müvafiq işlərlə əlaqədar daşınması ilə bağlı olduğu halda, Milli Observatoriyanın  İdarə Heyətinin üzvü Hasil Abbasov onu şəxsi işlərini görməyə məcbur edib.

“Hasil Abbasov demək olar ki, hər gün gecə saat 2-4 radələrində mənə zəng edir, içkili olduğunu, idarənin avtomobili ilə gəlib onu götürməli olduğumu deyir, mən də məcburiyyət qarşısında qalıb onu adətən barlardan, kafelərdən, restoranlardan götürməli olurdum. Bəzi hallarda isə, idarənin avtomobilini özü ilə bara, kafeyə və s. apardığından, gecə saat 2-4 radələrində ictimai nəqliyyat işləmədiyindən öz vəsaitim hesabına taksi ilə onun olduğu “meyxanaya” gedib “şərab əhlini” evinə gətirməli olurdum. Hasil Abbasov heç taksi pulumu da ödəmirdi”, - E. Şərifov bildirib.

O iddia edir ki, vəzifəli şəxs iş saatlarında da onu şəxsi məqsədləri üçün istismar edib.


Elmar Şərifov

“Hasil Abbasov qeyri-iş günlərində, şənbə, bazar günləri də məni və dövlətin avtomobilini şəxsi məqsədləri üçün istismar edirdi. Həftə içi onu gecə saatlarında “meyxanalardan” götürməkdən yuxu rejimim və sağlamlığım o qədər pozulmuşdu ki, bir gün şənbə günü məhz onun tapşırığı ilə, yenə də onun şəxsi işlərini icra etmək üçün gedəndə “20 Yanvar dairəsi” adlanan ərazidə yorğunluqdan qəza törətdim və H. Abbasovun tələbi ilə təxminən öz vəsaitim hesabına 400 manat xərc çəkərək avtomobili təmir etdirdim”.

E. Şərifovun sözlərinə görə, avtomobillə qurumun əməkdaşlarını iş üçün daşıyarkən H.Abbasov tərəfindən danlandığı da olub:

“Bütün bu baş verənlərin meydana çıxmaması, ört-basdır olunması, “isti izlərin itirilməsi” üçün Hasil Abbasovun təşəbbüsü ilə İdarə Heyətinin sədri Elnur Səfərli mənim əmək müqaviləmə müdddətinin başa çatması əsası ilə xitam verdi. Hal-hazırda aylardır ki, işsiz, qazancsız, himayə etməli olduğum valideynimin himayəsində çıxılmaz vəziyyətdə yaşamaqdayam”.

Elmar Şərifov bildirib ki, Vətən müharibəsi iştirakçısıdır, Füzulinin, Cəbrayılın, Hadrutun və Şuşanın azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib.

Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyadan Yeniavaz.com-un sorğusuna cavab olaraq bildirilib ki, iddialar həqiqəti əks etdirmir:

“Şərifov Elmar Vüqar oğlu 18 dekabr 2023 – cü il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyaya sürücü vəzifəsinə işə qəbul edilib.

Fəaliyyət göstərdiyi üç aylıq müddət ərzində xidməti vəzifələrini yerinə yetirə bilmədiyinə görə müqaviləsi uzadılmayıb. 18 mart 2024-cü il tarixində əmək məcəlləsinin 68.2b bəndi (əmək müqaviləsinin müddətinin qurtarması) əsasında işdən çıxarılıb.

Qeyd edək ki, Şərifov Elmar Vüqar oğlunun fəaliyyət göstərdiyi müddət ərzində Milli Observatoriyada onun əmək münasibətlərinin pozulması barədə qeyd etdikləri əsassızdır. İşdən çıxmış şəxsin ittihamları şər böhtan və yalan xarakteri daşıyır”.

Bənzər yazılar

0.40509796142578