Mingəçevirdə təcili yardım işçilərinin maaşları yarıbayarı kəsilib?

 15-07-2024

Mingəçevir şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları əmək haqlarının kəsildiyini deyirlər.

Yeniavaz.com-a müraciət edən əməkdaşlar qeyd edirlər ki, bu hal onların çalışdığı qurum Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin tabeliyinə verildikdən sonra yaranıb.

Təcili tibbi yardım avtomobilinin sürücüsü Anar Məmmədov deyir ki, demək olar, bütün kollektivin əmək haqqı yarıbayarı kəsilib:

“Keçən ayın əmək haqqını bu ay alırıq. Əmək haqqımızı 12 gün gecikdiriblər. Kollektivimizdə 10-a yaxın şəhid ailəsi üzvü, 10-a yaxın isə müharibə veteranı var. Ümumilikdə 250-ə yaxın işçi heyətimiz var. Şikayət edirik, heç bir tədbir görülmür”.


Anar Məmmədov

O bildirib ki, təcili yardım avtomobillərindən 3-ü nasazdır və tibbi preparatlarda kəsirlər var:

“Rəhbərlik gəlmir. Biz rəhbərliyi tanımırıq, dərdimizi deməyə adam tapmırıq”.

Mərkəzin digər əməkdaşları bildiriblər ki, ağır şəraitdə işləyirlər:

“Avtomobillər nasazdır, kondisionerləri yoxdur, bəzilərinin ümumiyyətlə pəncərələri açılmır. Bununla belə, işimizi görməyə, əhaliyə xidmət göstərməyə davam edirik. Nə üçün bizim əmək haqqımızı kəsirlər?”



Məsələ ilə bağlı TƏBİB-ə ünvanladığımız sorğuya cavab olaraq bildirilib ki, hazırda bu barədə müvafiq araşdırma aparılır:

“Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi tərəfindən Mingəçevir şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında hazırda təhvil-təslim prosesi həyata keçirilir.

Bildiririk ki, təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin işi optimallaşdırılaraq təkmilləşdirilir. Araşdırmanın nəticəsindən sonra ictimaiyyətə əlavə məlumatın verilməsi təmin olunacaq.

Qeyd edək ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq işçiyə ödənilən əmək haqqından qanunsuz olaraq hər hansı vəsait tutula bilməz”.

Bənzər yazılar

0.22902393341064