Bir-birinə bənzəyən estetik əməliyyat keçirmiş ÜZLƏR

 24-04-2024

Son zamanlar qızlar yeniyetmə yaşına çatan kimi estetik cərrahiyyə və prosedurlara müraciət edirlər. 

Bizim.media məsələ ilə əlaqədar ekspertlərin fikirlərini öyrənib.

Xalq artisti Flora Kərimova bildirib ki, bu, müvəqqəti bir həvəsdir:

“Qızların estetik prosedurlara müraciət etməsi keçici bir meyildir. Hər şey belə həvəslə başlayır, sonra kütləvi hal alır. Lakin bir müddət keçəndən sonra bu həvəs ölür. Qoy onlardakı bu meyil sizi narahat etməsin”.

Psixoloq Elnur Rüstəmov isə bildirib ki, gözəllik xarici obyektə və ona yönəlmiş şüur fəaliyyətinə aiddir:

“Gözəllik qavrayışı təkcə qadınlarda deyil, ətrafımızdakı bütün hər şeydə var. Hər dövrün dominant gözəllik anlayışı fərqlilikləri ehtiva edir. Bu gün texnologiyanın inkişafı medianın üstünlüyünə dəlalət edir. Xüsusilə ənənəvi mediadan sonra texnologiyanın inkişafı ilə populyar olan sosial media, fərdlərin həyatında sürətlə öz yerini tutub. Sosial medianın görünməyi asanlaşdıran tərəfi ilə artıq hər kəs öz gözəlliyini nümayiş etdirə bilir, lakin bu gün cəmiyyətə inteqrasiya etmiş gözəllik anlayışı düşündürür ki, hər kəs medianın bəyənməsini alacaq qədər “gözəl” deyil.

Sosial media ilə həyatımızı tamam başqa şəklə salan ideal gözəllik qavrayışı bu gün yeniyetmələrdə və gənclərdə özünüqiymətləndirməni ciddi şəkildə aşağı salaraq müxtəlif psixoloji problemlərə, sarsıntılara və hətta travmalara gətirib çıxarır”.

Psixoloqun sözlərinə görə, belə halda insanların sosial görünüşü ilə bağlı narahatlıqlarına təsir edən üç əsas vəziyyətin - həmyaşıdları, valideynlər və kütləvi informasiya vasitələri olduğunu qeyd edə bilərik:

“Bu amillərin təsiri ilə insanlar təqdim olunan fiziki görünüş ideallarını mənimsəyir və xarici görünüşlərini digər şəxslərlə müqayisə edirlər. Əgər fərd ideal fiziki xüsusiyyətlərə malik deyilsə, bədən imicinə dair mənfi düşüncələr tətiklənir və sosial görünüş narahatlığı artır. 

Mükəmməlliyin bu tərifi və sosial medianın gözəllik anlayışının təbliği bir çox insanlarda özgüvən əskikliyi və natamamlıq inanclarını tətikləyir. İnsanları bədbəxt, narahat, ümidsiz və narazı emosional vəziyyətə gətirir. Qaçılmazdır ki, bu gün cəmiyyətimizdə xoşbəxtliyi mükəmməl görünüşə bağlayanların sayı danılmaz dərəcədə çoxdur. 

Hətta çox erkən yaşlarda başlayan bu estetik qayğılar bu gün bir çox yeniyetmələrin, gənclərin özündən narazı qalmasına, öz mahiyyətini və təbiətini qorumağı dəyərsizləşdirməyə, sağlam olmaqdansa ideal olmağa üstünlük verməyə, estetik əməliyyatlar keçirməyə vadar edir. Nəticədə isə olmaq istəmədiyi bir insana çevrilməyin yaratdığı psixoloji böhran və peşmanlıq duyğusu gec də olsa, şəxsi öz əhatəsinə alır”. 

Elnur Rüstəmov bildirib ki, ideal gözəllik qavrayışı cəmiyyətə bunun əksini aşılamağa çalışsa da, bilməliyik ki insan üçün əsas olan gözəllik - “göründüyün deyil, daxilində hiss etdiyindir”:

“Hər bir varlığın müəyyən estetik dəyəri var və bu dəyər hər zaman “gözəl” olaraq ifadə edilir. Bu həyatda gözəl olan hər hansısa bir şey fikir, dəyər, simmetriya, nisbət və nizam kimi müəyyən edilə bilər. Lakin unuduruq ki, bu qavrayış, əsrlər boyu belə əsla bir qəlibə sığan, eyniləşdirilən, standart hala salan və monotonluq ehtiva edən bir anlayış olmayıb. 

Xarici görünüşün, bədən ölçülərinin, simmetriyanın və gözəllik anlayışının nəyə və kimə uyğun olaraq müəyyən edildiyi hələ də məlum deyil. Çünki bu standartları irəli sürənlər “Gözəl olan nədir?” sualına konkret cavab verə bilməzlər. Elə məhz bu yerdə, insan özünə bu sualı verərək, gözəlliyin kimə və nəyə görə təyin olunduğunu araşdırmalıdır.

İlkin mərhələdə isə ən çətin psixoloji dövr sayılan yeniyetməlikdə valideyn dəstəyinin vacibliyi vurğulanır. Uşaqlıqdan gələn bu qavrayışlar, əslində bir növ valideyn-övlad münasibətlərində də öz əksini tapır. Fərdin özünə olan sevgisi, özünüqiymətləndirmənin yüksək olması və özgüvəninin tamlığı tam da burada, ailədən gələn dəstəklə və qayğı ilə bağlıdır. Araşdırmalar göstərir ki, övladının bir “bütün” olduğunu göstərən, onu özü olduğu üçün dəyərləndirən və onun sevgi dolu mühitdə böyüməsinə şərait yaradan ailələr arasında bu kimi problemlərə daha az müşahidə edilir”.

Psixoloq onu da qeyd edib ki, belə standart gözəllik qavrayışlarının psixoloji zərbələrlə paralel yaratdığı növbəti təhlükəli hallar isə yemə pozuntularıdır:

“Yemə pozuntuları şəxsin yemək yemə, çəki artımı ilə bağlı narahatlıqlarını ehtiva edən, önəmli emosional və fiziki təsiri olan psixoloji problemdir. Unutmayaq ki fiziki simptomlar daha qabarıq görünsə də, belə hallar psixoloji təməli olan və hətta yüksək mərhələlərdə ölümlə nəticələnə bilən ciddi narahatlıqlardır. 

Əlbəttə ki, belə halların müalicəsinin əsas hissəsini psixoterapiya təşkil edir. Yeniyetməlik yaşlarında hiss edilən bu narahatlıqlarda valideynlər, fərdə mütəxəssislə kompleks şəkildə psixoloji dəstək göstərməlidirlər. 

Son olaraq bu kimi problemlərlə başa çıxmağın asan, bir o qədər də qətiyyətli yolu - qəbul etməkdir. Hər şey özünü qəbul etməklə başlayır. Uşaqlarımıza öyrədə biləcəyimiz ən vacib şey başqalarından daha yaxşı və ya daha gözəl olmağa çalışmamaq, özəl olduğumuzun fərqinə varmaqdır.

Biz insanlara istər akademik, istərsə də şəxsi olaraq özlərinin ən yaxşı versiyası olmağı öyrətməliyik ki, onlar öz həyatları üçün mübarizə apara və özləri üçün yaşaya bilsinlər. İnsanın müharibəsi heç vaxt özü ilə olmamalıdır. O, öz bədənini və imkanlarını qəbul etməli və fərqində olmalıdır. 

Uğur və əzm yalnız özünə inamla əldə edilə bilər. 

Biz heç vaxt bir insanın daxili rahatlığını cəmiyyətin çirkin qəliblərinə salmamalıyıq. Dəyər vermək və dəyərlənmək tarazlığını gözəllik nümunələrindən kənara çıxarmalı və onu fərdin öz daxili dünyasına yönəltməliyik. Unutmayaq ki, özünü sevən və qəbul edən fərd dünyanı bərabər sevə və qəbul edə bilər. Hər şey özünü sevməkdən başlayır”.

Bənzər yazılar

0.17149305343628