Prezident İlham Əliyev: “COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdür”

 23-04-2024

Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev forumda iştirak edib və tədbir iştirakçılarının suallarını cavablandırıb.

Prezident İlham Əliyev beynəlxalq forumda çıxışında deyib ki, bizim sonuncu görüşümüzdən etibarən bütün hadisələr müsbət məcrada gedir, istər Azərbaycan və Ermənistan arasında normallaşma prosesi, istərsə də sərhədlərin delimitasiyası olsun.

COP29-un Azərbaycanda keçirilməsinin önəmindən danışan dövlətimizin başçısı bildirib: “COP29 haqqında danışsaq, əlbəttə ki, bu, Azərbaycana olan beynəlxalq ictimaiyyətin böyük hörmət və dəstəyinin təzahürüdür. İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından biz həqiqətən istərdik ki, COP29 uğurla keçsin. Eyni zamanda, bu, bizim fikirlərimizi söyləmək üçün fürsət olacaq”.

Dövlətimizin başçısı deyib: “Siz tam haqlısınız ki, bizim dünyaya söyləyəcəyimiz məsələlər çoxdur. Həqiqəti söyləmək imkanımız var. Hesab edirəm, ev sahibi ölkə olmağın üstünlüklərindən biri ondan ibarətdir ki, biz on minlərlə insanı qəbul edəcəyik. Onların əksəriyyəti ölkəmizə ilk dəfə səfər edəcəklər.

Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır və hətta böhran vəziyyətində də sabit artım göstərdi. Bizim xarici borcumuz çox aşağıdır, hətta hazırda ümumi daxili məhsulumuzun 8 faizindən də azdır. Biz Avrasiya İqtisadi Birliyin bəzi tədbirlərinə Prezident və Baş nazir səviyyəsində dəvət edilmişik”.

Avrasiya İqtisadi Birliyin tədbirlərində bir dəfə fəxri qonaq kimi iştirak etdiyini xatırladan dövlətimizin başçısı vurğulayıb: 

“Ermənistan istisna olmaqla, Avrasiya İqtisadi Birliyinə üzv bütün ölkələrlə Azərbaycanın çox sıx tərəfdaşlıq münasibətləri var. COP29 üç Cənubi Qafqaz ölkəsi arasında ən azı məsləhətləşmələri aparmaq üçün fürsət yaradacaq və gələcək əməkdaşlıq üçün yol açacaq.

Biz məsələnin həllinə (sülh sazişinin imzalanmasına – red.) heç vaxt olmadığı qədər yaxınıq. Biz işğal zamanı buna heç vaxt yaxın olmamışıq. Həmin vaxt biz baza prinsipləri üzərində belə razılığa gələ bilmirdik. Hazırda unikal şans yaranıb. Biz bundan məhrum olmuşduq. SSRİ süqut etdiyi zaman sülh şəraitində öz müstəqil həyatına başlamış Baltikyanı dövlətlərdən fərqli olaraq, bizim bölgədə müharibələr gedirdi. İndi həmin səhifəni çevirmək şansı yaranıb. Biz bunu edirik. Düşünürəm ki, COP29 əla fürsətdir”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.

Dövlətimizin başçısı vurğulayıb ki, biz öz sədrliyimizə (COP29-a - red.) nəinki özümüzü nümayiş etdirmək, həm də ölkəni təqdim etmək fürsəti kimi baxırıq. Buna (Azərbaycanın COP29-a sədrliyinə - red) həm də ən təxirəsalınmaz məsələlərin həllinə qlobal aləmdə töhfə vermək fürsəti kimi baxırıq. Əslində, bu vacibdir.

Yaşıl enerji ilə ənənəvi enerji arasındakı mütənasibliyə gəldikdə, düşünürəm ki, dünya bundan sonra uzun illər ərzində hasil edilən enerji mənbələrinə ehtiyac duyacaq. Bunun bir gün ərzində dayandırılmasını düşünmək sadəlövhlük olardı.

Dayanıqlı inkişaf və enerji ilə bağlı. Düşünürəm ki, iqtisadi göstəricilərimiz və sosial proqramlarımız bunu aydın şəkildə göstərir. Neft və qaz gəlirləri işsizlik və yoxsulluq məsələlərin həlli üçün istifadə edilib. Onlar bərabər şəkildə bölüşdürülür.

Enerji əməkdaşlığımızı və ilk gəlirlərimizi aldığımız zaman Azərbaycanda yoxsulluğun səviyyəsi 50 faizə yaxın idi, hər ikinci şəxs yoxsul idi. Qaçqınlar arasında isə bu göstərici 75 faizdən çox idi. Vəziyyəti təsəvvür edə bilərsiniz. İndi isə biz bunu 5 faiz səviyyəsinə qədər azaltmışıq. Eyni göstərici işsizliyə də aiddir”, - deyə dövlətimizin başçısı əlavə edib.

Dünyanın bunun üçün hazır olmadığını vurğulayan dövlətimizin başçısı bildirib: 

“Dünya iqtisadiyyatı və sənayesi bunun üçün hazır deyil. Fikrimcə, əldə oluna bilinməyən hədəfdənsə, ən yaxşı yol mütənasiblik yaratmaqdır və təkamül yolu ilə getməkdir. Bizim “Vahid Çin” siyasətinə yanaşmamız çinli tərəfdaşlarımıza yaxşı məlumdur. Çin isə hər zaman Azərbaycanın ərazi bütövlüyünə dəstək verib. Bu, hər zaman əməkdaşlığımız əsasını təşkil edib”.

“Hazırda əməkdaşlıq həm siyasi, həm iqtisadi, həm də daşımalar sahəsində genişlənir”, - deyən dövlətimizin başçısı Çin sədri Si Cinpinlə keçirdiyi dəfələrlə görüşdüyünü və həmin görüşlərdən çox yaxşı təəssüratlarının olduğunu bildirib. Vurğulayıb ki, bu görüşlər münasibətlərimizə əlavə təkan verir.

“Zəngəzur dəhlizinə gəldikdə, qeyd etdiyiniz kimi, 2020-ci il noyabrın 10-da imzalanmış Üçtərəfli Bəyanatda bu məsələ aydın şəkildə əks olunur. Bəli, “Zəngəzur dəhlizi” sözü orada qeyd olunmayıb. Lakin yazılıb ki, Azərbaycanın şərq hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında yol əlaqəsi olmalıdır və Rusiyanın sərhəd qüvvələri nəzarəti təmin etməlidir. Bu, Prezident Putin, Baş nazir Paşinyan və mənim tərəfimdən imzalanmışdır. İndi isə üç ildən çoxdur ki, Ermənistan bu müddəanı, əslində, pozur.

İndi isə onlar, belə demək olarsa, həmin müddəanı aradan çıxarmaq istəyirlər. Lakin, bu, mümkün deyil. Onlar Naxçıvan Muxtar Respublikası ilə yol əlaqəsini qurmaq imkanını bloklayırlar. Bu cür münasibət, təbii ki, çox məyus edir”, - deyə Prezident İlham Əliyev bildirib.

Dövlətimizin başçısı vurğulayıb ki, COP29-dan əvvəl Azərbaycan ilə Ermənistan arasında sazişə nail olmaq, ən azı baza prinsipləri üzrə razılığa gəlmək tam real görünür.

Dövlətimizin başçısı əlavə edib ki, baza prinsipləri üzərində razılığa gəlmək, həmçinin variant hesab olunur, sonra isə müddəaların təfərrüatına vaxt sərf etmək olar.  “Hətta sazişin layihəsi hazır ola bilər. Düşünürəm ki, bunun üçün hər iki tərəf, sadəcə ürəkdən çalışmalıdır”, - deyə Prezident diqqətə çatdırıb.

Həmin vaxt hətta “Madrid prinsipləri” üzrə razılığa gəlinmədiyini xatırladan dövlətimizin başçısı bildirib ki, o zaman sülh sazişinin layihəsi belə yox idi. İndi isə o, artıq mövcuddur.  “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var. Biz, sadəcə, təfərrüatı işləməliyik. Lakin, əlbəttə, hər iki tərəfə vaxt lazımdır”, - deyə dövlətimizin başçısı əlavə edib.

Dövlətimizin başçısı bildirib: “Eksklavlar məsələsi başqadır, çünki o, daha mürəkkəbdir. Həmin eksklavlar digər ölkənin əhatəsində olan ərazidə yerləşir. Ona görə onlar delimitasiya prosesində həll olunmalıdır. İkinci Qarabağ müharibəsindən dərhal sonra dörd kənd məsələsini qaldırdıq. Əslində, biz həmin kəndləri heç vaxt yaddan çıxarmamışıq. Hesab edirəm ki, əgər biz Azərbaycan ilə Ermənistan arasında uzunmüddətli toqquşmaya son qoysaq və sülh sazişini imzalasaq, bütün söylədikləriniz yaxın zamanlarda reallığa çevrilə bilər.  Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz oturub gözləyə bilmərik.

Bu gün biz bəzi ölkələrdən Azərbaycana qarşı əsassız hücumları görürük. Biz cavab tədbirləri görürük. Həmin ölkələrin, əslində, Azərbaycana qarşı soyuq müharibəyə başladıqlarını vurğulayan dövlətimizin başçısı bildirib ki, biz tam eyni tədbirləri görürük və qırmızı xətləri keçmirik”.

Həmin ölkələrin bunu açıq şəkildə həyata keçirdiklərini vurğulayan dövlətimizin başçısı qeyd edib:  “Özü də onlar bunu açıq və nümayişkaranə şəkildə edirlər və hətta çalışırlar ki, bununla bizə nə isə sübuta yetirsinlər. Biz sadəcə oturub gözləyə bilmərik. Biz bu mövqeyi açıq şəkildə Ermənistan hökumətinə və Ermənistanın bu gün qayğısına qalmağa çalışan tərəflərə bildirmişik. Əgər özümüzə ciddi təhdid görsək, biz ciddi tədbirlər görməli olacağıq”.

“Artıq söylədiyim kimi, “Dağlıq Qarabağ” amili artıq yoxdur. Onlar (ermənilər – red.) onun sülh sazişində olmamasına razılaşıblar. Bu o deməkdir ki, əsas maneə artıq mövcud deyil”.

Dövlətimizin başçısı əlavə edib: “Əgər onlar o qədər də vacib olmayan bəzi terminlərdən yapışsalar, onda biz aydın şəkildə görəcəyik ki, bu vaxtdan istifadə edərək daha çox silahlanmaq və bizə yenidən hücum etmək istəyirlər. Lakin biz onlara belə bir şansı verməyəcəyik”.

Dövlətimizin başçısı diqqətə çatdırıb: “Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirik. Siz elektrik enerji sahəsini və üç ölkənin potensialını qeyd etdiniz. Bəli, bu düzdür. Biz bura Azərbaycan ilə Gürcüstan arasında təbii qaz sahəsində əməkdaşlığı da əlavə etsək, görəcəyik ki, bunun faydası ikitərəflidir. Gənc nəslin təhsilinə gəldikdə, biz bu sahədə çalışırıq. Bu, bizim əsas prioritetlərimizdən biridir”.

Azərbaycanın beynəlxalq tərəfdaşları ilə bu sahədə xüsusi proqramlarının olduğunu vurğulayan dövlətimizin başçısı bildirib:  “Gənc nəslin aparıcı beynəlxalq universitetlərdə təhsili üçün xüsusi prezident proqramı var.  Biz iqtisadiyyatımızı şaxələndiririk. Hazırda neft və qaz ümumi daxili məhsulumuzun yarıdan az hissəsini təşkil edir. Lakin ixracımızın təxminən 95 faizi neft və qazla bağlıdır. Hazırda əsas məqsədlərimizdən biri ixracımızı şaxələndirməkdir”, - deyə dövlətimizin başçısı qeyd edib.

Azərbaycan Prezidenti İlham Əliyev ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda ölkəmizin uğurlarının səbəblərindən danışıb: “Biz heç vaxt Azərbaycan üçün potensial təhlükə yarada biləcək heç bir işə qoşulmamışıq. Biz hər zaman İran, Rusiya, Gürcüstan və Avropa, həmçinin Türkiyədə qardaşlarımız ilə münasibətlərimizdə ədalətli olmuşuq. Uğurumuz səbəbi bundadır”.

“Türkiyə ilə bizi nəinki müttəfiqlik Bəyannaməsi, həmçinin bir çox digər məsələlər birləşdirir. Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır. Bilirəm ki, həm Azərbaycan, həm də Türkiyədə aydın mövqe var: iki proses paralel getməlidir. Türkiyə ilə Ermənistan arasında yaxınlaşma və Azərbaycan ilə Ermənistan arasında normallaşma paralel getməlidir. Bu, bizim mövqedir və bu, həmçinin Türkiyə Prezidentinin mövqeyidir.

Cənubi Qafqazda ayırıcı xətləri çəkmək üçün bəzi cəhdlər göstərilir. Məhz bu səbəbdən Avropa Komissiyasının sədri, ABŞ-nin Dövlət katibi və Ermənistanın baş nazirinin tarixdə görünməmiş Brüssel görüşündən narahatlığımızı bildirdik”.

Dövlətimizin başçısı əlavə edib ki, bu təsisatın tarixində heç zaman keçmiş SSRİ respublikası ilə bu cür görüş olmayıb. Hətta Ukrayna, Gürcüstan və Moldova ilə bu cür görüş keçirilməyib; “Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik. Bu yerləşmə bizi narahat etmir”.

Dövlətimizin başçısı fikrini belə əsaslandırıb: “Çünki Azərbaycan cəmiyyəti əsrlər boyu hər iki sivilizasiyanın – Avropa və İslam sivilizasiyalarının dəyərlərini böyük dərəcədə qəbul edib. Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur.

Üzləşə biləcəyimiz yeganə potensial risklər xaricdən gələ bilər. Onda biz nə etməliyik? Biz qapılarımızı hərc-mərclik yaradanların üzünə bağlı, sadiq qonaqlarımızın üzünə isə açıq saxlamalıyıq.

Hesab edirəm ki, əsas çıxış yolu və üsul düzgün və səmimi olmaqdır. Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətləri qura bilmişik. Düşünürəm ki, bu, məhz həmin keyfiyyətlərlə bağlıdır. Çünki onlar bizə etimadla yanaşa bilərlər və bilirlər ki, bizim tərəfdən sürprizlər olmayacaq”, - deyə dövlətimizin başçısı əlavə edib.

Hazırda quru sərhədlərin müəyyən dövrdə bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük. Əvvəlki vaxtlarda bir çox hallar müşahidə olunub. Onların bəziləri ictimaiyyətə açıqlanıb, bəziləri isə açıqlanmayıb. Biz kənardan gələn ciddi təhdidlər və problemlərlə üzləşmişdik. Bizim bütün potensial risklərimizin kənardan gəldiyini söylədikdə, mən bunu nəzərdə tuturdum”, - deyə dövlətimizin başçısı bildirib.

Forumu canlı olaraq izləyə bilərsiniz:

Bənzər yazılar

0.27643704414368