Sabiq deputata qarşı 14 iddia

 22-04-2024

Ali Məhkəmənin Kommersiya Kollegiyasında sabiq deputat İlham Əliyevin cavabdeh olduğu məhkəmə çəkişməsi gedir. İddiaçı Şabran sakini sahibkar Mansur İbrahimovdur.

Mansur İbrahimovun ayrı-ayrı məhkəmə instansiyalarında İlham Əliyevə və onun təsisçisi olduğu şirkətlərə qarşı 14 iddiası var.

Bu iddialar üzrə illərdir ki, məhkəmə çəkişmələri davam edir. Mansur İbrahimov deyir ki, İlham Əliyev cibində deputat mandatı gəzdirdiyi, qayınatası Ramiz Mehdiyev Prezident Administrasiyasında rəhbər olduğu günlərdə Şabranda ona məxsus ümumilikdə 200 hektara yaxın bağ torpaq sahələrini və həmin torpaqlar üzərindəki anbarları, ofis binalarını, süni suvarma göllərini, çardaqları, texnikaları və s. ələ keçirib.

O günlərdə başlayan məhkəmə çəkişmələri süni şəkildə uzadılıb, bu günə qədər gəlib çıxıb. Hazırkı məhkəmə iddiasına gəlincə,

Mansur İbrahimov Musavat.com-a deyib ki, 2019-cu il avqustun 8-də İlham Əliyevin təklifi əsasında ona məxsus olan “Dostluq MK” MMC-nin 50 faiz payını ona satmağa razılaşıb.

“Həmin paya 42.5 hektar torpaq sahəsi daxil idi. 42.5 hektarın 35 hektarı üzüm və meyvə bağlarından ibarət idi. Həmin torpaqlarda super intensiv bağlar yerləşirdi. Bundan əlavə 2 mərtəbəli, təxminən 800 kvadrat metrlik ofis binası, alt mərtəbəsində yeməkxana, böyük çardaq, süni suvarma gölü, damcı suvarma sistemi, texnikalar da vardı. Dediklərimi invertarlaşma sənədləri də təsdiqləyir.

İlham Əliyevin təklifi ilə “Dostluq MK” MMC-dəki 50 faiz payımı ona 3 milyon manata satmağa razı olmuşdum. Belə razılaşmamız vardı ki, alqı-satqı müqaviləsi bağlandığı gündən 1 ay müddətində İlham Əliyev həmin məbləği mənə ödəyəcək. Alqı-satqı müqaviləsi İlham Əliyevin deputat olduğu Xaçmaz rayonundakı 1saylı Notariat Ofisində bağlandı. Amma İlham Əliyevin tələbi ilə alqı-satqı müqaviləsində məbləğ 5 min 600 manat göstərildi. O zaman İlham Əliyev Xaçmaz-Xudat dairəsindən deputat idi, bildirirdi ki, adı böyük məbləğli alqı-satqı müqaviləsində göstərilməsini istəmir. Bundan başqa alqı-satqı müqaviləsində göstərilən məbləğin 20 faizi də dövlətə rüsum ödənməli idi. İlham Əliyev 20 faiz dövlətin rüsumun ödəməmək üçün məbləği 3 milyon manat kimi deyil, 5 min 600 manat kimi göstərilməsini tələb etmişdi.

Hətta həmin 5 min 600 manatı belə özü ödəmədi. Mən həmin pulu banka özüm qoyub, özüm də götürdüm. Bunu bank sənədlərindəki imzam da təsdiqləyir. 11 manat 20 qəpik də rüsum ödədim. Alqı-satqı olanda İlham Əliyev Notariat Ofisinə gəlməmişdi. Özünün şəxsiyyət vəsiqəsinin surətini mənim vatsap nömrəmə göndərdi, mən də notariusa təqdim etdim. Beləcə alqı-satqı müqaviləsi bağlandı. Düşünmədim ki, deputat İlham Əliyev mənə qarşı dolandırıcılıq edə bilər. Müqavilə bağlanan gündən sonra İlham Əliyev telefon zənglərimə cavab verməməyə başladı. Telefonu götürəndə də deyirdi ki, məşğuldur, rayonda deyil, Bakıda deyil, özü mənimlə əlaqə saxlayacaq.

Lakin əlaqə saxlamadı. Tam əmin oldum ki, İlham Əliyev məni aldadır, əmlakımı bu şəkildə ələ keçirmək istəyir.

Ona görə də 2019-cu ilin sentyabrın 25-də Xaçmaz Notariat Ofisinə məktubla müraciət edib İlham Əliyevlə alqı-satqı müqaviləsinin ləğvini tələb etdim. Lakin Notariat Ofisi müqaviləni ləğv etmədi. Buna görə də 2019-cu ilin oktyabrında alqı-satqı müqaviləsinin ləğv edilməsi üçün Şabran Rayon Məhkəməsinə müraciət etdim. Məhkəmənin sədri Çingiz İsgəndərov ilk gündən İlham Əliyevlə Ramiz Mehdiyevdən qorxduğunu gizlətmirdi.

Məhkəmə dövründə İlham Əliyevə “Dostluq MK” MMC-dəki 50 faiz payımla bağlı hər hansı bir hərəkətin qadağan olunması üçün vəsatət verdik. Hakim heç bir əsas gətirmədən vəsatəti təmin eləmədi. Ekspertiza təyin olunması üçün vəsatət verdim. Tələb etdim ki, meyvə bağlarının dəyərlərinin müəyyən olunması üçün məhkəmə ekspertiza təyin etsin. Məhkəmə sədri Çingiz İsgəndərov bu vəsatəti də heç bir əsas göstərmədən təmin etmədi”.

Zərərçəkən deyir ki, İlham Əliyev həmin vaxt deputat idi, qayınatası Ramiz Mehdiyev də administrasiya rəhbəri idi deyə, məhkəmə sədri Çingiz İsgəndərov mənə açıq tekstlə dedi ki, “mən iddianı təmin etməyə qorxuram, pensiyaya çıxmağıma da 1 il qalıb, məni başa düş”.

“Beləcə, Şabran Rayon Məhkəməsinin sədri Çingiz İsgəndərov İlham Əliyevlə Ramiz Mehdiyevdən qorxaraq qanuni bir kənara qoydu, əsaslı iddiamı təmin eləmədi.

İlham Əliyev məhkəmənin gedişatı dövründə “Dostluq MK” MMC-nin 50 faizini də sahibi olan Xaçmaz YAP təşkilatının sədri Məhəmməd Balaqadaşovdan 3 milyon manata aldı.

İlham Əliyev Məhəmməd Balaqadaşovla alqı-satqı müqaviləsini 27 dekabr 2019-cu ildə bağlayıb. Rəsmi alqı-satqı müqaviləsində Məhəmməd Balaqadaşovun MMC-dəki 50 faiz payın İlham Əliyev guya 5 min manata satıldığı göstərilir.

Bu məbləğin saxta olduğunu sübut etmək üçün xüsusi bilikli ekspertə, xüsusi riyazi hesablamalara da ehtiyac yoxdur.

1 hektar intensiv bağda 1800 üzüm tingi əkilir və 20-40 ton arası məhsul götürülür. 1 hektarda 2 min alma ağacı əkilir və 1 hektardan minimal olaraq 50-60 ton məhsul götürülür.

Üzümün 1 kiloqramı 1 manatdan, almanın 1 kiloqramı isə ən minimal qiymətlə 50-60 qəpiyə satılır. İlham Əliyevin ələ keçirdiyi mənə məxsus bağ torpaq sahəsində 2019-cu ildə 1 milyon 200 min manat gəlir əldə olunub.

2019-cu ilə qədər isə, mən “Dostluq MK” MMC-nin adından Sahibkarlıq Fondunun xəttilə 2011-ci ildə “Bank Respublika”dan ayrı-ayrılıqda 2 müqavilə üzrə 720 min manat və 480 min manat güzəştli kredit götürmüşdüm. Həmin pullar bağların salınmasına, texnikaların alışına, ofis binalarının tikintisinə və digər xərclərə yönəlib. Həmin kreditləri 2017-ci ildə tam şəkildə ödəyib qurtara bilmişdim.

Belə olan halda “Dostluq MK” MMC-nin 50 faizlik payının məndən 5 min 600 manata alınması gülüncdür.

Məhəmməd Balaqadaşovun da payının İlham Əliyev tərəfindən guya 5 min manata alınması da doğru deyil.

Şabran məhkəməsində mənim iddiam olduğu müddətdə, konkret olaraq 27 dekabr 2019-cu ildə Məhəmməd Balaqadaşovla İlham Əliyev arasında alqı-satqı müqaviləsi bağlanandan sonra baş verənlər də mənə qarşı qanunsuzluğun davamı idi.

Elə həmin gün İlham Əliyev “Dostluq MK” MMC-nin təsisçisinin qərarı ilə özünü təsisçi elan edib. Həmin gün MMC-yə Elnur İsayevi direktor təyin edib. Bununla da mənim 42.5 hektar bağ torpaq sahəmin qanunuzluqla ələ keçirilməsi, zəbt olunması tam olaraq baş tutdu.

Mansur İbrahimov Şabran Rayon Məhkəməsinin qanunsuz və əsassız qətnaməsindən apelyasiya instansiyasına, sonradan isə Ali Məhkəməyə kassasiya şikayəti verib:

-Apelyasiya instansiyasında şikayətimə baxılanda İlham Əliyev hələ də deputat idi, qayınatası Ramiz Mehdiyevin də qılıncının dalı da, qabağı da kəsirdi. Bu instansiyada şikayətim təmin olunmadı. Ali Məhkəmədə isə İlham Əliyev başa düşdü ki, qanunsuzluqla ələ keçirdiyi, zəbt etdiyi bağ torpaq sahəmdən çıxarılacaq. O zaman hakim İsmayıl Xəlilova demişdi ki, 1 milyon manat ödəməklə mənimlə barışıq sazişi bağlamaq istəyir. Bu məbləğlə razılaşmadım, pulumun tam olaraq ödənməsini, ödənmədiyi halda isə iddiamın təmin olunmasını tələb etdim. İsmayıl Xəlilov dedi ki, İlham Əliyev 1 milyon manat təklif edir. O zaman Ali Məhkəmədə şikayətim təmin olunmadı.

Möhtərəm cənab Prezidentin məhkəmə-hüquq sisteminin sağlamlaşdırılması istiqamətində atdığı addımlar, Ali Məhkəmə rəhbərliyinə İnam Kərimovun təyinatından sonra Ali Məhkəməyə əlavə kassasiya şikayəti verdim. Hazırda bu iş üzrə Ali Məhkəmədə hakim Elşanə Vəliyevanın sədrliyi ilə məhkəmə araşdırmaları davam edir”.

Mansur İbrahimov ümid edir ki, ona qarşı baş verən cinayətlər bundan sonra tam olaraq dayandırılacaq. O, Ali Məhkəmə sədri İnam Kərimova müraciət edərək haqq-ədalətin bərpasını istəyib.

( Musavat.com)

Bənzər yazılar

1.7052109241486