Pandemiyadan sonra uşaqlardakı DƏYİŞİKLİK

 26-01-2024

COVID-19 pandemiyası uşaqlar arasında piylənmənin əhəmiyyətli dərəcədə artmasına səbəb olub.

AZƏRTAC xəbər verir ki, tədqiqatçılar Böyük Britaniyada ibtidai məktəb uşaqları arasında aparılan araşdırmadan sonra bu qənaətə gəliblər. Tədqiqata Souzempton Universitetindən İvan Oçoa-Moreno rəhbərlik edib.

Qrup 2019 və 2021-ci tədris illərində təhsil almış dörd və beşyaşlı uşaqlar arasında piylənmə nisbətində 45% artım müşahidə edib. Qrupun verdiyi məlumata əsasən, çəki artımı böyüklərə nisbətən azyaşlılara daha çox təsir edib. Məktəblilərin əksəriyyətinin evdən təhsil aldığı dövrdə sağlam qidalanma vərdişlərinin pisləşməsi, mütəşəkkil idman və fiziki fəaliyyətin azalması və uşaqların yuxu qrafikinin dəyişməsi piylənmənin baş verməsinə şərait yaradıb.

Tədqiqatçılar bir milyondan çox uşağın bədən kütləsi indeksi məlumatlarını təhlil ediblər. Onlar ibtidai məktəbin ilk və son illərində olan uşaqlara diqqət yetirərək, pandemiyadan əvvəl, pandemiya zamanı və ondan sonrakı dövrdəki məlumatları müqayisə ediblər.

“Araşdırmaya əsasən yaş qrupları arasında əhəmiyyətli fərqlər qeydə alınıb. Belə ki, kiçikyaşlı uşaqlar çəki artımından geri dönə bilsələr də, yuxarı yaşda olan uşaqlarda piylənmənin qarşısını almaq daha çətin olur”, - deyə tədqiqat müəllifləri yazıblar.

 

Bənzər yazılar

0.16029000282288